суббота, 21 сентября 2019 г.

“Biz sülh göyərçinləriyik!”

21Sentyabr Beynəlxalq Sülh Günüdür. Bizim 4”a” bu əlamətdar günə bir neçə gün əvvəl hazırlaşmışdır.
Bildiyimiz kimi ağ göyərçin sülh rəmzidir. Buna görə də biz texnologiya dərsində ağ karton və A4 vərəqlərindən göyərçin quşu hazırladıq. Bu, çox asan idi. Kartondan quşun bədənini çəkib kəsdik. Qanadları üçün ağ kağızın üstündə əlimizin siluetini çəkib kəsdik. Eyni üsulla quşun quyruğunu hazırladıq. Sonra isə bu hissələri yapışqanla quşun bədən hissəsinə yapışdlrdıq. Çox gözəl bir quş alındı. Onu havada yellətdikdə hətta qanadları da tərpənirdi. Əsl ağ göyərçin kimi!
Hazırladığımız göyərçinləri səhər məktəbə gətirdik. Sırada durub Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbirin açılışını gözlədik. Hər kəsin əlində ağ göyərçin var idi. Çox gözəl görünürdük!
Tədbir başladı. Bizim sinif uşaqları sülhə həsr olunmuş şeirlər söylədilər. Sonda “Göyərçinik biz” mahnısı ifa olundu.







понедельник, 16 сентября 2019 г.

Biz 4-cülərik!

Yay tətili öz şən və qayğısız günləri ilə geridə qaldı. İlk dərs günü yetişdi. Doğma məktəbə qayıtdıq. Biz artıq 4-cülərik!
 16 sentyabr səhər saat 07:30 da məktəbin həyətində bizə ayrılmış zolağın üstündə durub tədbirin açılışını gözləyirik. Tədbir “Bilik Gününə” həsr edilmişdir. Burada biz də çıxış edəcəyik.
Budur, tədbiri açıq elan etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Çıxışlar başlandı. Bir qədər vaxtdan sonra sinfimizin fəalları “Kiçik Akademiya”nın himnini ifa etdilər. Daha sonra sinfimizin digər uşaqları “Azərbaycanım” şeiri ilə çıxış etdilər.
Tədbir maraqlı çıxışlarla davam etdi. Sonda məktəbimizin direktoru Mailə İsmayılova Bilik Günü münasibətilə hamını təbrik etdi.
Beləliklə, ilk dərs başlandı. İlk dərsimiz “İdman və sağlamlıq” mövzusunda oldu. Bizim 4”a” sinfimiz 4”b” sinfi ilə birlikdə şən idman estafetlərində yarışdı. Biz toplarla, idman halqası ilə maraqlı oyunlar keçirdik. Hər iki sinif qalib gəldi.
İlk dərs günümüz yaddaqalan oldu.